Vəkil polis bölməsində zorakılığa məruz qaldığını deyir

Vəkil Bəxtiyar Hacıyev Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində zorakılığa məruz qaldığını deyir. 
Vəkil Meydan TV-yə bildirib ki, ona qarşı zorakılıq bölmənin rəisi Fəxrin Bektaşi tərəfindən baş verib və daha sonra onun göstərişiylə digər polis əməkdaşları qanunsuzluğu davam etdirib.
Vəkilin sözlərinə görə, o, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə 22-ci polis bölməsinə gedib. Onlar bölmə rəisinin kabinetinə daxil olublar: “Bölmə rəisi tələb etdi ki, mən çıxım, müvəkkilim tək qalsın. Mənə qarşı kobudluq elədi. İzah eləməyə çalışdım ki, bu adamın vəkiliyəm. Hətta əvvəldən də nəzakətli şəkildə danışdım, dedim ki, qonşuyuq. Çünki üzv olduğum vəkil bürosu ilə 22-ci polis bölməsi bir-birinə çox yaxın yerləşir. Kobud şəkildə göstəriş verdi ki, “çıxarın bunu çölə, mən onu çağırmamışam”. İki polis məni zorla bölmədən çıxardı”.
Bəxtiyar Hacıyev bildirib ki, o, baş verənlərdə əlaqədar Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə, Ombudsman Aparatına, Vəkillər Kollegiyasına məlumat verib.
Vəkil eyni zamanda, yazılı şəkildə də şikayət edəcəyini deyir: “Bu, özbaşınalıqdır və cəzasız qalmamalıdır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Bəxtiyar Hacıyevin şikayətindən məlumatlıdır: “Məsələ araşdırılır”.
Əvvəlki məqalə“Nə ABŞ, nə müttəfiqlərimiz Rusiyaya zərər vermək üçün müharibəni uzatmağa çalışmır”
Növbəti məqalədəErmənistanda xidmətə yeni başlayan zabitlərə dərhal mənzil veriləcək