Zəfər Muzeyinin tikintisi üçün söküləcək binanın sakinlərinin mənzil hüquqları pozulur

Bakı şəhər hakimiyyəti Zəfər Muzeyinin tikintisi üçün paytaxtın Xətai rayonunda bir yer seçib. 2022-ci ilin əvvəllərində Yusif Səfərov küçəsində, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə yerləşən 11 mərtəbəli yaşayış evinin sakinlərinə mənzillərini Xətai rayon icra hakimiyyətinə satmalı və köçməli olduqları bildirilib. Binanın yerində Zəfər Muzeyi tikiləcək.

İcra hakimiyyəti binada 3 mənzili alıb və digər sakinləri evi satmağa və köçməyə tələsdirmək məqsədilə söküntüyə başlayıb.

Bununla əlaqədar binanın 16 sakini vəkil Cavad Cavadovla münaqişəni məhkəmədə həll etmək üçün müqavilə bağlayıb. Yanvarın 10-da İnzibati Məhkəmə sakinlərin icazəsi olmadan söküntünün qanunsuz olduğuna qərar verib və binada başlayan söküntünün dayandırılması barədə hökm çıxarıb.

Bununla belə, vəkil Cavadovun Turan-a verdiyi məlumata görə, sahə polisi bu günlərdə sakinlərə sabaha qədər vaxt verib, bu müddət başa çatdıqdan sonra onlar zorla evdən çıxarılacaqlar. Binada 30 ailə yaşayır.

Cavadov Azərbaycan Konstitusiyasının 29-cu maddəsi haqqında bildirişlə polis idarəsinə və rayon icra hakimiyyətinə müraciət edib. Bu maddə məhkəmə qərarı olmadan vətəndaşları mülkiyyət hüququndan məhrum etməyi qadağan edir. O, həmçinin xatırladıb ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, mülkiyyətçinin razılığı olmadan mülkiyyətdən məhrum edilməsi hüquqpozma hesab olunur, mənzil sakinləri isə öz mənzillərini qorumaq üçün gücdən istifadə etmək hüququna malikdirlər.

Vəkil məmurlardan özbaşınalığa son qoymağı tələb edir.

Cavadov məsələyə müdaxilə etmək və sakinlərin hüquqlarını müdafiə etmək xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Vəkil DİN-ə və Bakı şəhər icra hakimiyyətinə də müvafiq müraciət göndərib.

Cavadov Turan-ın müxbiri ilə söhbətində bildirib ki, Xətai rayon İH sakinlərə mənzillərini mərtəbə və təmir vəziyyəti nəzərə alınmadan, hər kvadrat metrini 2200 manatdan satmağı təklif edir. Bu qiymət Bakının bu və digər mərkəzi rayonlarındakı təkliflərdən xeyli aşağıdır.

O, hesab edir ki, hakimiyyət sakinlərlə danışıqlar aparmalı, qarşıdurmaya son qoymalı və onlar üçün məqbul olan qiyməti müəyyən etməlidir, onda vətəndaşlar özləri mənzillərini tərk edəcəklər. Onun sözlərinə görə, son günlər vəkilin mövcud müştərilərinə elə həmin binanın məhkəmədə hüquqlarının müdafiəsi haqqında müqavilə bağlamaq istəyən digər sakinləri də əlavə olunub.

Xətai rayon İH-dən jurnalistlərə bildiriblər ki, bu ünvandakı bina Zəfər Muzeyinin tikilməsi üçün söküləcək. Tikinti dövlət sifarişi əsasında həyata keçirilir. Bina görünüşü şəhərin bu hissəsinin layihəsinə uyğun olmadığına görə sökülür. Sakinlərin hüquqlarının təmin edilməsi üçün İH-də komissiya yaradılıb, təzminat ölçüsü müəyyən edilib.

Son dəqiqədə Cavadov Turan-a bildirib ki, binanın bir sakini təzyiq göstərilməsi üçün DİN-in mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinə çağırılıb.

Əvvəlki məqaləUkrayna Ali Radası İstanbul Konvensiyasının ratifikasiyasına səs verib
Növbəti məqalədəKarantin rejimi uzadılıb, toylarla bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb