Qarabağ qazisi İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib

İyulun 4-də II Qarabağ Müharibəsi iştirakçısı İlham Həsənov Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib.

Məlumatı Şəmkir Rayon İcra Hakimiyyəti yayıb.

İcra hakimiyyəti İlham Həsənovun psixi pozuntulardan əziyyət çəkdiyini iddia edib.

1994-cü il təvəllüdlü Yeni Həyat kənd sakini İlham Həsənovun boyun nahiyəsində qəlpə var: “O, indiyə qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir”.

Məlumatda qeyd olunub ki, İlham Həsənovun etirazı aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmaması ilə bağlıdır: “Ona müvafiq orqanlar tərəfindən lazımi dəstək göstərilsə də, müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

Meydan TV İlham Həsənovun yaxınları ilə əlaqə saxlamağa cəhd göstərsə də, alınmayıb.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə deyib ki, İlham Həsənov icra hakimiyyətinin etinasızlığından intihara cəhd edib: “Müharibə başa çatandan icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bir dəfə də olsun müharibə əlillərini, veterenalarını qəbul edib, onların qayğıları ilə maraqlanmayıb”.

Əvvəlki məqaləMəhkəmə jurnalist Elçin Məmmədi şərti azadlığa buraxmayıb
Növbəti məqalədə“İntihara əl atıb, özümü öldürməyə cəhd etmişdim”