Azərbaycanda “Resurs İqtisadçılar Klubu” (RİK) fəaliyyətə başladığını elan edib. Bu barədə klubun səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunub ki, keyfiyyətli və aydın iqtisadi informasiyanı çatdırmaqla cəmiyyətin məlumatlılığını artırmaq, əhatəli araşdırmalarla sosial-iqtisadi çağırışlara diqqət yönəltmək məqsədi ilə qurulan klub ölkədəki gənc iqtisadçıları ətrafında birləşdirərək onların bilik və bacarıqlarının artırılmasını və keyfiyyətli araşdırmaların sayının çoxaldılmasını hədəfləyir.
Qeyd olunub ki, klubun yaradılması ideyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafına kömək edə biləcək tədqiqat və araşdırmaların ərsəyə gəlməsini, eləcə də ölkədə yeni gənc iqtisadi tədqiqatçıların formalaşmasını hədəfləyən bir qrup gənc iqtisadçı tərəfindən düşünülüb.
"İqtisadi müzakirələrin izləyicisi yox, iştirakçısı olan cəmiyyət vizyonu ilə fəaliyyətə başlayan “Resurs İqtisadçılar Klubu”nun dəyərləri şəffaflıq, iştirakçılıq, obyektivlik, peşəkarlıq və kollegiallıqdır.
Klub öz fəaliyyətinin həyata keçirilməsində şəffaflıq, yüksək idarəetmə və hesabatlıq prinsiplərinə əməl etməyi öhdəsinə götürüb.
“Resurs İqtisadçılar Klubu” tədqiqatlar, seminarlar, müzakirələr və digər layihələr vasitəsilə cəmiyyəti və ictimaiyyəti bilgiləndirən, eyni zamanda, istinad edilən məlumat mənbəyi olan, yenilikçi və qabaqcıl bir iqtisadi düşüncə mərkəzi olmağı hədəfləyir.
