Gündəm

AXCP sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb

2 dəqiqə
AXCP sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb

Foto: Wikipedia

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə saxlanılma müddəti daha 5 ay uzadılıb.

Bu barədə qərarı Səbail Rayon Məhkəməsi qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini əsas gətirərək Dövlət Təhlükəsizlik Xidmətinin vəsatətini təmin edib.

Bundan əvvəl də, fevralın 9-da məhkəmənin qərarı ilə AXCP sədrinin həbsdə saxlanılma müddəti 4 ay uzadılmışdı.

O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.

Əli Kərimli ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb. Eyni zamanda AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, partiya üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıblar. Sonradan Faiq Əmirli, Ruslan Əmirov və Saleh Rüstəmli sərbəst buraxılıb.

Məmməd İbrahim barəsində də eyni ittihamla həbs qətimkan tədbiri seçilib.

Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan Ramiz Mehdiyev işi ilə bağlı olduğunu yazıb.

Əli Kərimli daha əvvəl Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi barədə iddiaları rədd edib. O, bu ittihamları “tamamilə əsassız” adlandırıb. AXCP rəhbərliyi isə baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirib.

Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Ötən il oktyabrın 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun