Avroliqada 1/16 finala vəsiqə qazanan komandaların adları məlum oldu [Nəticələr]
3 dəqiqə
Futbol üzrə Avropa Liqasında 1/16 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. "Report"un məlumatına görə, qrup mərhələsində VI turun 24 qarşılaşmasından biri təxirə salınıb.
İtaliya "Sassuolo"su ilə Belçika "Genk"i arasındakı matç dumanlı hava şəraiti ilə əlaqədar təxirə salınıb. Oyun bu gün olacaq. Amma matçın nəticəsindən asılı olmayaraq, "Genk" qrupdan çıxmağı təmin edib. Sadəcə, Belçika təmsilçisi qalib gəlsə, F qrupunu 1-ci, "Sassuolo" qələbə qazansa isə qrupu 3-cü pillədə başa vuracaq.
Türkiyə təmsilçilərindən "Fənərbağça" ilə yanaşı, "Osmanlıspor" da qrupdan çıxmağı bacarıb. Onlara Çempionlar Liqasında qrupu 3-cü pillədə tamamlamış "Beşiktaş" da qoşulub.
Avroliqanın qruplarından İspaniyanın "Vilyarreal", "Atletik" və "Selta", Belçikanın "Anderlext", "Genk" və "Gent", İtaliyanın "Roma" və "Fiorentina, Hollandiyanın AZ və "Ayaks", Rusiyanın "Zenit" və "Krasnodar", Yunanıstanın "Olimpiakos" və PAOK, İngiltərənin "Mançester Yunayted", Fransanın "Sent-Etyen", Almaniyanın "Şalke", Rumıniyanın "Astra", Ukraynanın "Şaxtyor", Çexiyanın "Sparta", İsrailin "Hapoel" (Beer-Şeva), Kiprin APOEL klubları da mərhələ adlayıb.
Çempionlar Liqasından isə onlara İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Münhenqladbax), Fransanın "Lion", Rusiyanın "Rostov", Bolqarıstanın "Ludoqorets", Polşanın "Legiya" və Danimarkanın "Kopenhagen" komandaları da qoşulub.