Gündəm

CNN İsrailin İranla müharibə zamanı Azərbaycana gizli şəkildə hərbçilər yerləşdirdiyini yazıb, XİN təkzib edib

6 dəqiqə
CNN İsrailin İranla müharibə zamanı Azərbaycana gizli şəkildə hərbçilər yerləşdirdiyini yazıb, XİN təkzib edib

Foto illüstrasiya: Alberto Mier/Annette Choi/CNN/Getty Images

İsrailin İranla müharibə zamanı Yaxın Şərqdə yaratdığı gizli əməliyyat şəbəkəsinin bir hissəsi olaraq Azərbaycana elit hərbi və kəşfiyyat bölmələri yerləşdirdiyi iddia edilir. Bu barədə “CNN” məsələ ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən ikisinin sözlərinə görə, həmin qüvvələr Azərbaycanın cənubunda, İranın şimal sərhədinə yaxın bir neçə nöqtədə fəaliyyət göstərib. Bu məntəqələrdən biri İsrailin müharibə zamanı zərbələr endirdiyi İranın Təbriz şəhərindən təxminən 100 kilometr məsafədə yerləşib.

Digər iki mənbənin bildirdiyinə görə, həmin ərazilərə xüsusi təyinatlı komando bölmələri də yerləşdirilib və onlar kəşfiyyat məlumatlarının toplanması, eləcə də pilotsuz uçuş aparatları ilə əməliyyatlar həyata keçiriblər. Bu, İsrailə müharibə dövründə İranın şimal bölgələrini müşahidə etmək üçün əlverişli imkan yaradıb.

“CNN”in məlumata əsasən, Azərbaycandakı gizli yerləşdirmə İsrailin Yaxın Şərqdə saxladığı bir neçə hərbi mövqedən biri olub. Bu mövqelər İsrail ordusuna görünməmiş əməliyyat imkanları qazandırıb və İranın qonşu ölkələrinin - bəzilərinin razılığı ilə, bəzilərinin isə ehtimal ki, xəbəri olmadan - Tehrana qarşı əməliyyatlarda dolayısı ilə iştirak etdiyini göstərib.

Mənbələrin “CNN”ə bildirdiyinə görə, Azərbaycandakı məntəqələr bir neçə ölkədə yaradılmış çoxsaylı gizli hərbi obyektlər və bazalar arasında yer alıb. Bu ölkələr sırasında İraq, Birləşmiş Ərəb Əmirlikləri və Somalilend də olub. Əvvəlcə fövqəladə vəziyyət zamanı istifadə ediləcək xilasetmə qrupları kimi nəzərdə tutulan bu qüvvələrin fəaliyyəti sonradan genişləndirilib və onlar hərbi-kəşfiyyat məntəqələrinə çevriliblər.

Mənbələrin təsvir etdiyi yerləşdirmələr nəticəsində İsrail qüvvələri müharibə zamanı İranın cənub, qərb və şimal sərhədləri boyunca mövqe tutub. Bu isə İsrail ordusunun fəaliyyət radiusunu yüzlərlə kilometr artıraraq İran ərazisinin dərinliklərinə qədər uzadıb. İrəli mövqelər İsrailə ölkə daxilində müxtəlif hədəflərə qarşı ardıcıl hava zərbələri endirməyə imkan verib.

Mənbələrdən birinin sözlərinə görə, Azərbaycandakı əməliyyatda İsrailin xüsusi əməliyyat qüvvələri, elit helikopterlə daşınan döyüş və xilasetmə bölmələri, eləcə də “Mossad” əməkdaşları daxil olmaqla bir neçə onlarla hərbçi iştirak edib.

Nəşr yazır ki, Azərbaycandakı hərbi mövcudluq İsrailə ehtimal olunan hava hadisələri zamanı pilotların xilas edilməsi üçün əlavə imkanlar yaratmaqla yanaşı, İran üzərində kəşfiyyat fəaliyyətini genişləndirmək imkanı da verib.

“CNN”in məlumatına görə, İsrail uzun illərdir Azərbaycanı İrana qarşı strategiyasında mühüm tərəfdaş hesab edir və bu istiqamətdə hazırlıqlara müharibənin başlamasından həftələr əvvəl start verib.

Məsələdən xəbərdar iki mənbənin iddiasına görə, yanvarın ortalarında İran hökuməti ölkə daxilində genişmiqyaslı etiraz aksiyalarını sərt şəkildə yatırdığı vaxt İsrail Azərbaycan-İran sərhədi boyunca gizli əməliyyat hazırlayırdı. Mənbələrin sözlərinə görə, bu, bölgədə dinləmə qurğuları və kəşfiyyat avadanlıqlarının yerləşdirilməsi yolu ilə sonrakı addımlar üçün zəmin hazırlamağa yönəlmiş ilkin əməliyyat olub.

İsrail həmin əməliyyatı müharibənin yanvarın ortalarında planlaşdırılan ilk zərbələri fonunda həyata keçirməyi nəzərdə tuturdu. Lakin ABŞ Prezidenti Donald Tramp son anda hücum planını dayandırıb. O, İranın etirazçılara qarşı zorakılığı dayandırmağa razılaşdığını əsas gətirərək zərbələrin təxirə salındığını bildirib.

“CNN” yazır ki, ABŞ-nin qərarından sonra İsrail planını müstəqil şəkildə həyata keçirmək qərarına gəlib.

Mənbələrin sözlərinə görə, İsrail siyasi rəhbərliyi ABŞ ilə İran arasında danışıqların nəticəsiz qalacağına inandığından, İsrail Hərbi Hava Qüvvələri əməliyyat zamanı gizli fəaliyyət qabiliyyətinə malik döyüş təyyarələri və xüsusi təyinatlı qüvvələrdən istifadə edərək kəşfiyyat avadanlıqlarını bölgədə yerləşdirib.

Nəşrin iddiasına görə, yaradılan kəşfiyyat məntəqəsi İsrailə İranın hərbi obyektləri və qoşun hərəkətləri barədə məlumat toplamaq, həmçinin raket buraxılışları ilə bağlı erkən xəbərdarlıq əldə etmək imkanı verib.

“CNN” qeyd edir ki, bu hadisələrdən iki həftədən də az müddət sonra İsrailin xarici işlər naziri Gideon Saar Bakıya səfər edib. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.

Nəşrin məlumatına görə, 2025-ci ilin may ayında Azərbaycan İsrail və Suriya nümayəndələri arasında nadir birbaşa danışıqlara da gizli şəkildə ev sahibliyi edib.

Mənbələrdən birinin sözlərinə görə, Azərbaycandan həyata keçirildiyi iddia olunan əsas əməliyyatlardan biri martın 4-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsinin rəhbəri Rahman Moqəddəmin öldürülməsi olub.

İsrail tərəfi Moqəddəmi 2024-cü ildə Donald Trampa qarşı sui-qəsd planının hazırlanmasına görə məsul şəxs kimi təqdim edib.

“CNN” yazır ki, bundan bir gün sonra Naxçıvan Muxtar Respublikasında yerləşən hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirilib. Hadisə nəticəsində terminal binasına ziyan dəyib və bir neçə nəfər yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev hadisəyə görə İranı məsul tutaraq bunu “çirkin, qorxaq və biabırçı terror aktı” adlandırıb. İran isə hücumda iştirak etdiyini rədd edib.

Martın 6-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti İnqilab Keşikçiləri Korpusunun kritik infrastruktur obyektlərinə, eləcə də İsrail və yəhudi hədəflərinə qarşı planlaşdırdığı hücumun qarşısının alındığını açıqlayıb.

Bir neçə həftə sonra İsrail bu əməliyyatın “Mossad”, İsrail ordusu və daxili təhlükəsizlik xidməti olan “Şin Bet”in iştirakı ilə birgə həyata keçirildiyini rəsmən təsdiqləyib.

“CNN” yazır ki, Azərbaycan və İsrail arasında ticari və hərbi maraqlara əsaslanan sıx əməkdaşlıq mövcuddur.

Bakı İsrailin neft tələbatının əhəmiyyətli hissəsini təmin edir. Bunun müqabilində İsrail Azərbaycana qabaqcıl silah sistemləri satır. Məqalədə qeyd olunur ki, bu silahların bir hissəsi 2016 və 2020-ci illərdə Qarabağ münaqişəsi zamanı istifadə edilib.

Nəşr xatırladır ki, Azərbaycan 2016-cı ildə İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini satın alan ilk xarici ölkə olub.

İran üzrə ekspert, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gerşon Koqan müharibədən əvvəl yazdığı təhlildə bildirib ki, İsrailin Azərbaycandakı strategiyası qəsdən diqqətdən kənarda saxlanılır.

Onun sözlərinə görə, bu siyasət əsasən silah tədarükü, kəşfiyyat əməkdaşlığı və təhlükəsizlik sektorunda uzunmüddətli texnoloji qarşılıqlı asılılığa söykənir.

Beynəlxalq Böhran Qrupunun aparıcı analitiki Coşua Kuçeranın fikrincə, İsraillə münasibətlər Azərbaycana Vaşinqtonda mühüm diplomatik imkanlar qazandırır.

“Azərbaycan getdikcə özünü regional güc kimi təqdim etməyə çalışır və bu siyasətin bir hissəsi kimi müəyyən hallarda İsrail ilə ərəb və digər dövlətlər arasında körpü rolunu oynayır”, - deyə o bildirib.

Kuçeranın sözlərinə görə, əgər İsrail Azərbaycanın İnqilab Keşikçiləri Korpusunun sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə qarşı mübarizəsində vasitə rolunu oynayırsa, bu əməkdaşlıq son dərəcə məxfi xarakter daşıyır.

“Əgər İsrail Azərbaycanın İnqilab Keşikçiləri Korpusunun destabilizasiya cəhdlərinə qarşı mübarizəsində alət rolunu oynayırsa, bu, çox gizli şəkildə həyata keçirilir”, - ekspert vurğulayıb.

“CNN” məsələ ilə bağlı İsrail Baş nazirinin Ofisinə və İsrail Müdafiə Qüvvələrinə sorğu göndərib.

Azərbaycan ABŞ-dəki səfirliyinin nümayəndəsi “CNN”ə açıqlamasında iddiaları təkzib edib:

“Azərbaycan ərazisinin üçüncü ölkələrə qarşı əməliyyatlar üçün istifadə olunması ilə bağlı əsassız iddiaları qətiyyətlə rədd edirik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də “CNN”in məqaləsində yer alan iddiaları qəti şəkildə rədd edib.

Onun sözlərinə görə, Azərbaycanın İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, eləcə də İsrail qüvvələrinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı iddialar tamamilə əsassızdır.

Ayxan Hacızadə bildirib ki, bu mövqe “CNN”in sorğusuna cavab olaraq əvvəlcədən rəsmi qaydada redaksiyaya təqdim olunub, lakin məqalədə anonim mənbələrə əsaslanan iddialara üstünlük verilib.

“Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz belə fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək”, - deyə XİN rəsmisi vurğulayıb.

O əlavə edib ki, Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir və bu kimi iddialar növbəti dezinformasiya cəhdi kimi qiymətləndirilir.

XİN sözçüsü “CNN”dən əsassız məlumatların yer aldığı məqalə ilə bağlı təkzib dərc etməsini gözlədiklərini bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun