Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili iddia edib ki, baş nazir Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Rusiya Ermənistana Gürcüstan üzərindən hərbi müdaxilə edə bilər. O, eyni zamanda Gürcüstan hakimiyyətini tənqid edərək, Moskvanın belə bir tələbinə razılaşacağını bildirib.
Saakaşvili iyunun 2-də “Facebook” hesabında paylaşdığı açıqlamada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın hakim “Gürcü Arzusu” partiyasının xarici siyasəti barədə müsbət fikirlərini xatırladaraq, Vladimir Putinin Ermənistana yönələn təhdidlərinin Gürcüstan üçün də təhlükəli olduğunu qeyd edib.
Sabiq prezident bildirib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində Paşinyanın qələbə qazanacağı təqdirdə Moskva “B planına” keçəcək.
“Bu, mənim 2007-ci ildə onların planlarını pozaraq növbədənkənar prezident seçkilərini elan etdiyim və qalib gəldiyim vaxt Gürcüstanda baş verənlərin təkrarı ola bilər”, - Saakaşvili yazıb.
Onun sözlərinə görə, Moskva Ermənistanla bağlı mümkün planlarını həyata keçirmək üçün Gürcüstandan istifadə etməyə çalışacaq.
“Hazırda Rusiya Ermənistana qoşun göndərməklə hədələyir və bu, yalnız Gürcüstan üzərindən mümkündür. Əgər Rusiya belə bir əməliyyata başlasa, Gürcüstanın da işğalı qaçılmaz olacaq”, - o bildirib.
Saakaşvili iddia edib ki, Rusiya “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilidən qoşunların keçidinə icazə verməsini tələb edəcək və o, buna razılıq verəcək.
“Cəmiyyətə bunun Gürcüstanla əlaqəsi olmadığı deyiləcək. Lakin Ermənistandan sonra Rusiya Gürcüstan üzərində də tam nəzarət quracaq, İvanişvilini formal lider kimi saxlayacaq, ölkədəki bütün prosesləri idarə edəcək və işğal olunmuş ərazilərin tanınmasına nail olmağa çalışacaq”, - Saakaşvili qeyd edib.
O, həmçinin İvanişvilini Rusiyanın mümkün işğalına zəmin yaratmaqda, ordunu zəiflətməkdə və onun döyüş ruhunu sarsıtmaqda ittiham edib.
Saakaşvilinin fikrincə, Gürcüstan və Ermənistan üçün yeganə çıxış yolu Ukraynanın güclənməsidir.
“Bu proqnozumun gerçəkləşməsini istəmirəm. Bunun qarşısını ala biləcək yeganə amil Ukraynanın fəal hərbi əməliyyatları və Rusiya hərbi maşınının zəiflədilməsidir”, - o vurğulayıb.
Moskva indiyədək Ermənistana qoşun göndərilməsi ilə bağlı birbaşa təhdid səsləndirməyib. Bununla belə, Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərindən narazılıqlarını dəfələrlə ifadə ediblər.
Yanvarda Kremlin təbliğatçısı Vladimir Solovyov Rusiyanın Ermənistana və ya Mərkəzi Asiyaya qarşı yeni “xüsusi hərbi əməliyyat” keçirə biləcəyini bildirmişdi. Sonradan Rusiya Xarici İşlər Nazirliyi onun fikirlərindən məsafə saxladığını açıqlasa da, Mariya Zaxarova Solovyovu birbaşa tənqid etməmişdi.
Hakim “Gürcü Arzusu” partiyası isə müxalifətin ölkənin Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşdığı barədə ittihamlarını rədd edir. Partiya eyni zamanda Saakaşvilini 2008-ci ildə Rusiya ilə müharibəni təhrik etməkdə günahlandırır və onun hakimiyyət dövrünü “qanlı rejim” kimi xarakterizə edir.
2003-cü il Qızılgül İnqilabının liderlərindən biri olan Mixeil Saakaşvili 2004-cü ildə prezident seçilib və 2013-cü ilə qədər ölkəyə rəhbərlik edib. 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyası Bidzina İvanişvilinin yaratdığı “Gürcü Arzusu” koalisiyasına məğlub olub.
Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana gizli qayıtdıqdan sonra həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin mənimsənilməsi də daxil olmaqla bir neçə cinayət işi açılıb. Hazırkı məlumata görə, onun 2032-ci ildə azadlığa buraxılması gözlənilir.
