Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı ölkədən çıxış məhdudiyyətləri ilə bağlı daha bir qərar qəbul edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, qərar həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva və deputat Fazil Mustafaya qarşı sui-qəsd işində ömürlük həbs cəzası alan Azər Səricanovun həyat yoldaşı Elnarə Səricanovanın şikayətləri əsasında çıxarılıb.
Məhkəmə hər iki ərizəçiyə tətbiq olunan ölkədən çıxış qadağasını hərəkət azadlığı hüququnun pozulması kimi qiymətləndirib. AİHM həmçinin onların şikayətləri üzrə ölkə daxilində effektiv hüquqi müdafiə vasitələrinin təmin edilmədiyi qənaətinə gəlib. Bununla da Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı hüququ) və Konvensiyanın 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitələri hüququ) pozulduğu müəyyən edilib.
Zeynəb Abdullayeva və Elnarə Səricanova mənəvi zərərə görə hər biri üçün 6 min avro, hüquqi xərclər üçün isə 2 min avro kompensasiya tələb ediblər. Lakin AİHM onların hər birinə 3 min avro mənəvi təzminat və əlavə olaraq 500 avro məhkəmə xərci ödənilməsinə qərar verib.
Ərizəçilər 2023-cü ildə ölkədən çıxışlarına məhdudiyyət qoyulduğunu öyrəniblər. Onlar ayrı-ayrı cinayət işləri üzrə şahid qismində dindirildikdən sonra istintaq orqanları barələrində çıxış qadağası tətbiq edib.
Hər iki şəxs bu qərardan yerli məhkəmələrə şikayət etsə də, nəticə əldə edə bilməyib. Elnarə Səricanovanın müraciəti mahiyyəti üzrə araşdırılmayıb, Zeynəb Abdullayevanın şikayəti isə təmin olunmayıb. Yerli məhkəmə qərarında qeyd olunub ki, onun dindirildiyi cinayət işi üzrə istintaq davam edir və gələcəkdə ona ittiham irəli sürülməsi ehtimalı var. Məhz bu arqument əsasında tətbiq olunan məhdudiyyət qanuni hesab edilib.
AİHM-ə təqdim olunan şikayətlərdə isə vurğulanıb ki, Azərbaycan qanunvericiliyində şahid qismində iştirak edən şəxslərin ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutan norma yoxdur.
Avropa Məhkəməsi daha əvvəl də oxşar məzmunlu işlər üzrə Azərbaycana qarşı bir sıra qərarlar çıxarıb. Hazırda ölkədən çıxış məhdudiyyətləri ilə bağlı onlarla yeni şikayət kommunikasiya mərhələsindədir və bu işlərlə əlaqədar Azərbaycan hökumətinə sorğular göndərilib. Həmin şikayətlərin əksəriyyətini jurnalistlər və ictimai-siyasi fəallar verib.
