İqtisadiyyat

İqtisadçı: "Hökumət fermerlərə yeni cərimələr tətbiq etmək əvəzinə, onların problemlərinin həllinə fokuslanmalıdır"

6 dəqiqə
İqtisadçı: "Hökumət fermerlərə yeni cərimələr tətbiq etmək əvəzinə, onların problemlərinin həllinə fokuslanmalıdır"

Milli Məclis ərzaq balansının tərtibi ilə bağlı məlumatların təqdim edilməməsinə görə yeni inzibati məsuliyyət tədbirlərini nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Dəyişikliklərə əsasən, fermerlər, tədarükçülər və ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı ilə məşğul olan subyektlər müəyyən edilmiş məlumatları vaxtında təqdim etmədikləri halda cərimələnəcəklər.

Qanun layihəsinə görə, fermerlər və tədarükçülər məhsullarının kənd təsərrüfatı istehsalına və tədarükünə dair məlumatları ildə bir dəfə təqdim etməlidirlər. Məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək müvafiq qurumun informasiya sisteminə daxil edilməlidir.

Bu tələblərin pozulmasına görə, fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 500 manat məbləğində cərimə ediləcəklər.

Xəta bir il ərzində təkrar törədildikdə cərimələr ikiqat artırılacaq: fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün isə 1000 manat.

Bundan əlavə, ərzaq balansının hazırlanması məqsədilə dövlət qurumunun yazılı sorğusuna əsasən tələb olunan məlumatların 15 iş günü ərzində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 500 manat məbləğində cərimə olunacaqlar.

Qanun layihəsində müəyyən güzəşt mexanizmi də nəzərdə tutulub. Belə ki, inzibati xəta törətmiş şəxs pozuntuya səbəb olan halları 10 iş günü ərzində aradan qaldırarsa, inzibati məsuliyyətdən azad ediləcək.

Azər Əmiraslanov: “Fermerləri birdən-birə cərimə ödəyicisi kimi görməməliyik”

Müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov fermerlərə qarşı məsuliyyət tədbirlərinin tətbiqindən əvvəl geniş maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalçıları ərzaq balansı ilə bağlı məlumatları təqdim etmədikləri halda məsuliyyət tədbirləri tətbiq oluna bilər. Lakin əvvəlcə onların məlumatlandırılması zəruridir:

“Amma kəndli, fermer heç bilmir ki, ərzaq balansı nədir. Üstəlik nəzərə almalıyıq ki, fermerlər daim dövlət qayğısının və dövlət dəstəyinin obyekti olublar. Biz birdən-birə məlumatlandırma aparmadan, izahat işləri görmədən, informasiya-məsləhət xidmətlərini səmərəli təşkil etmədən fermerləri cərimə ödəyicisi kimi görməməliyik”.

Komitə sədri qeyd edib ki, aqrar siyasəti həyata keçirən dövlət qurumlarının əsas missiyalarından biri informasiya və məsləhət xidmətlərini gücləndirməkdir.

“Burada millət vəkillərinin böyük əksəriyyəti aqrar rayonları təmsil edir. Kəndlinin əsas qayğısı əkin və biçindir. Bəzən fermerlər dövlətin onlara təqdim etdiyi dəstək tədbirlərindən belə xəbərsiz olurlar. Məsuliyyət tədbirləri artırıla bilər, amma bu şərtlə ki, əvvəlcə zəruri məlumatlandırma və izahat işi aparılsın, yalnız bundan sonra müvafiq tədbirlər görülsün”.

Vahid Məhərrəmli: “Məqsədləri daha çox cərimələmək və fermerlərdən də cərimə yığmaqdır”

İqtisadçı və kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə qanunun məqsədinin fermerlərə yardım etmək olmadığını düşünür.

“Abzas Media”ya danışan ekspert bildirib ki, hökumət məhsul satışında yaranan problemlərin həllinə fokuslanmalı, yeni cərimə mexanizmləri yaratmamalıdır:

“Görünür, məqsədləri daha çox cərimələmək və fermer və kəndlilərdən də cərimə yığmaqdır. Bu, məlumat onlara nə verəcək? Durduqları yerdə fermerləri, kəndiləri işə salırlar. “Bu məlumatı ötürməsən, cərimələnəcəksən”. Bu, əlavə maliyyə yüküdür, vaxt itkisidir. Vahid qayda olmalıdır, hər dəfə yeni bir şeylə gəlməməlidirlər. Bazar iqtisadiyyatıdır. Kəndli bilər nəyi nə qədər istehsal edir”.

Vahid Məhərrəmli hesab edir ki, dövlət ərzaq təhlükəsizliyini təmin etmək istəyirsə, fermerləri ehtiyac duyulan məhsulları istehsal etməyə həvəsləndirən siyasət qurmalıdır. Onun sözlərinə görə, məsələn, buğda istehsalını artırmaq üçün fermerlər keyfiyyətli toxum, gübrə, texnika, saxlama anbarları və məhsulun çeşidlənməsi kimi zəruri imkanlarla təmin olunmalıdır.

“Dövlət bunu təşkil edə bilər ki, fermer də buğda istehsal etməkdə maraqlı olsun və onu bütün keyifyyətli vasitələrlə istehsal edib daha yaxşı qiymətə sata biləcəyindən, gəlir əldə edə biləcəyindən əmin olsun. Fermeri belə düşündürmək üçün siyasəti düzgün qurmaq lazımdır. Onlar siyasətin nə olduğunu bilmirlər”.

“Fermerlərin əksəriyyətinin imkanları buna uyğun deyil”

Məhərrəmlinin fikrincə, kəndli və fermerlərin üzərinə əlavə hesabatlılıq öhdəlikləri qoymaq düzgün yanaşma deyil.

O deyir ki, kənd təsərrüfatında əsas problemlər istehsal, bazara çıxış və logistika ilə bağlıdır. Buna görə də fermerlərdən istehsal etdikləri məhsulun həcmi, saxlanması, idxal və ixracı barədə əlavə məlumat tələb etmək əvəzinə, hökumət əvvəlcə mövcud problemlərin həllinə fokuslanmalıdır.

“Əgər hökumət bu sahədə şəffaflığın olmağını istəyirsə, istehsalla bağlı vergi tətbiq edə bilər. Yəni, kənd təsərrüfatı məhsulunun istehsalçısı vergi ödəyicisi olmalıdır. Bildiyimiz kimi, indiyə qədər güzəştlər tətbiq ediliblər və vergi ödəyicisi deyillər. Amma bundan sonra vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar və istehsal etdiyi məhsulun uçotunu aparmalıdır. Bunun qaydası budur. Əgər uçot aparmırsa, onlara ayrılan subsidiya dayandırılmalıdır, digər qaydalar müəyyən edilə bilər. Amma bu gün bizim kəndli və fermerlərin əksəriyyətinin bilik və bacarığı imkan vermir ki, onlar vaxt sərf edib hansısa məlumatı elektron mərkəzə ötürsünlər. Bunlar nəzərə alınmalıdır”.

Ekspert kənd təsərrüfatında məhsuldarlığın aşağı olması, istehsal xərclərinin yüksəkliyi və logistika problemlərinin fermerləri çətin vəziyyətdə qoyduöunu vurğulayır. Bildirir ki, son illərdə bəzi qərarlar kəndlilərin istehsal imkanlarını məhdudlaşdırıb, iri fermer təsərrüfatları və aqroparklarla bağlı siyasət isə suvarma problemlərini dərinləşdirib.

“Əlavə cərimələr ailə kəndli təsərrüfatlarına zərbə vuracaq”

Vahid Məhərrəmli yeni sanksiyaların xüsusilə kiçik və ailə fermer təsərrüfatlarına mənfi təsir göstərəcəyini deyir:

“Bizim kəndlilər yaz-yay əkinçidirlər, qışda dilənçi. Bunu hökumət də bilib başa düşməlidir. Onlar yaz-yay aylarında əldə etdikləri pulla heç ailələrini yaxşı dolandıra bilmirlər. Hər dəfə ümid edirlər ki, bu il müəyyən qədər qazanc əldə edəcəklər, onda da nəsə hadisə baş verir, intensiv yağışlar yağır, dolu düşür, dövlət su təminatını vaxtlı-vaxtında etmir və məhsuldarlıq düşür aşağı, kəndli məhsulunu sata bilmir. Bunu dəfələrlə görmüşük. Kartofu istehsal edirlər, amma sata bilmirlər, qalır sahədə, çürüyür. Yaxud pomidor olsun. Eləcə də digər məhsulların sahədə qalıb çürüdüyünün şahidi oluruq. Beləcə, fermerlər ziyana məruz qalırlar”.

“Kəndlini ruhdan sala biləcək qərardır”

İqtisadçı hesab edir ki, fermerlərə əlavə sanksiyaların tətbiqində məqsəd onları torpaqdan imtinaya məcbur etmək və həmin torpaqları ələ keçirməkdir. O, yeni qanunun kəndlilər arasında narazılığı daha da artıra biləcəyindən danışır.

“Kəndlilər ağılsız deyillər ki. O dəqiqə hökumətin bu sanksiyaları niyə tətbiq etdiyi barədə düşünürlər. Məqsəd nədir? Su niyə verilmir? Niyə bazara çıxış imkanı verilmir? Bəzən də ixracla məşğul olan kimsəsiz kəndlilərin sərhəddə mal və məhsullarını saxlayıb xarab olana qədər gözlədirlər. Kəndli düşünür ki, yenə onların üstlərinə gəlməyə başlayırlar. Məqsəd də odur ki, torpağı atıb getsinlər”.

Məhərrəmli iri fermer təsərrüfatları və aqroparklarla bağlı siyasətin də gözlənilən nəticə vermədiyini deyir. Onun sözlərinə görə, hər il aqroparklar yaradılıb, böyük ərazilər ələ keçirilib, orada soyuducu anbarlar qurulub və kəndlilərin məhsulları alınaraq saxlanıb, sonra baha qiymətə satılıb. Bu təsərrüfatların öz istehsalı isə ortada deyil:

“Neçə ildir iri fermer təsərrüfatları yaradırlar, özü də ilk etapda taxılçılığı inkişaf etdirəcəklərini, Azərbaycanın öz buğda ehtiyacına tələbatını ödəyə biləcəyini vəd etmişdilər. Təsəvvür edin, Azərbaycanın keçən il istehsal etdiyi buğda 2004-cü ildə istehsal etdiyi buğdadan 10 min ton azdır. 22 il bundan əvvəl daha çox buğda istehsal edib. Hanı bunların iri fermer təsərrüfatları? Hanı yaratdıqları aqroparklar? Hətta 6 il bundan qabaq – 2019-cu ildə indikindən 600 min ton daha çox buğda istehsal olunub. Bu, ölkənin 4 aylıq buğdaya olan tələbatıdır. Örüş ərazilərini iri fermer təsərrüfatlarına, aqroparklara verdilər. Bəs məhsul hanı? Bunlar necə məmurdurlarsa, eləcə də biznesmendirlər. Nə orada yarıdırlar, nə burada”.

“Fermerləri ilişdirmək yox, başa salmaq lazımdır”

Məhərrəmli yeni mexanizmin ərzaq balansının daha dəqiq hazırlanmasına ciddi töhfə verəcəyinə inanmır və hökumətin neft gəlirlərinin azalması fonunda cərimələrin əhatə dairəsini genişləndirdiyini bildirir.

“Cərimə ilə heç nəyə nail olmaq mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyində 1200-dən çox məmur işləyir. Nə qədər fermer təsərrüfatımız var ki? Niyə indiyə qədər onlarla iş görülməyib, maarifləndirmə aparılmayıb ki, onlar lazım olan məlumatları məlumat bazasına ötürə bilsinlər. Əgər onların imkanı yoxdursa, hər kənddə olan məmur həmin məlumatları gedib yerində toplaya bilər, sonra da onları əlaqələndirə bilər, bələdiyyədən xahiş edə bilər və proses başlanar. Bu, mümkündür. Xalqa xidmət etmək lazımdır. Bunlar isə özlərini dartırlar. Fermerləri hər dəfə ilişdirmək yox, başa salmaq lazımdır”, - iqtisadçı belə deyib.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun