Turqut Qəmbər
Ərdoğan avtoritar liderdir. Onun hakimiyyəti dövründə Türkiyənin avtoritarlaşması, ölkədə mətbuatın boğulması, ümumiyyətlə, müxalif fikrə qarşı dözümsüzlüyün artması danılmazdır.
Ərdoğanın dindar olması, dini ritorikadan gen-bol istifadə etməsi, son qiyam hadisələrində məscidlərdən açıq-aşkar siyasi məqsədlərlə istifadə etməsi Türkiyədə siyasi İslamın güclənməsinə dair narahatlıqları artırır. Ərdoğan Türkiyəsində demokratiya adına yalnız seçkilərin qalmasının fəsadları da göz önündədir.
Ərdoğan düşünür ki, seçkiləri udursa, hakimiyyətə gəlirsə, istədiyi qərarları verə bilər, seçkidə uduzan azlığı (ölkənin ona səs verməyən digər yarısı) görməzdən gələ bilər, onu müxtəlif formalarda əzə bilər. Adamın demokratiya anlayışı yalnız seçki ilə məhdudlaşır.
Bəli, Türkiyədə seçkilərlə bağlı bəzi şübhələr var, kiçik miqyasda saxtakarlığın olması ehtimal edilir, amma ümumi konsensus ondan ibarətdir ki, seçki prosesi əsasən azad keçir, bu pozuntular ümumi nəticəyə təsir etmirlər.
Türkiyənin əhəmiyyətli kəsiminin (sekulyarlar, liberallar, solçular, kemalistlər və s.) Ərdoğanı bir fərd kimi və bir dindar zehniyyətin sahibi kimi patoloji olaraq qəbul etməməsinə baxmayaraq, Ərdoğan və AKP son seçkilərin hamısında qalib gəlib, çoxluğu qazana bilmədiyi yeganə seçkidə isə müxalifət toparlanıb hökumət qura bilməyib.
Necə olur ki, Ərdoğan bu qədər avtoritar, korrupsiyaya bulaşmış rəhbər olmasına baxmayaraq, Türkiyə Cumhuriyyətinin dünyəvilik prinsiplərinə aşkar təhlükə yaratmasına baxmayaraq, Türkiyə seçicisinin təxminən yarısı hər dəfə ona səs verir?
Hərbi çevriliş çıxış yoludur?
