“Murovdağ döyüşçüsünün bir günününü yaşamaq, bir ömürə bərabərdir”. Bu sözləri böyük şairimiz Məmməd Araz deyib.
Yəni elə belə adam deməyib. 90-cı illərin əvvəllində döyüş ruhunu qaldırmaq üçün, yaxud da ola bilər şairin öz istəyi ilə Məmməd Araz Murovdağda olur və bir günün içərisində Murovdağda vətənin müdafiəsində duran oğulların nə qədər çətin şəraitdə xidmət etdiyinə canlı şahidlik edir.
Murovdağ hətta döyüş getmədiyi şəraitdə belə oğullarımızı sevdiklərindən alan ərazidir. Uzun yolları qət edərkən yorulub oturan və nəticədə yataraq donan, qar uçqunu altında qalan onlarla əsgərimiz olub. Burada xidmət etdiyim müddətdə canlı, enlikürəkli oğlanları çətinlikdən kənara çəkilib xısın-xısın ağlayan görmüşəm, hərbi hissənin yerləşmə şəraitini, insanın iliyinə işləyən soyuq havanı görüb havalanan, rəsmən dəlilik edən və səhər açılanda yeraltı qazmada görmədiyimiz, üzü Gəncəyə tərəf qaçan “ne kadrovıy” zabitlər görmüşəm.
Çətin idi.. Yeganə hərbi hissə idi ki, üç rayonu əhatə edirdi. Yəni az qala on il eyni hərbi hissədə qulluq edən, amma bir-birini tanımayan zabitlər var idi. Hərə bir dağda, yüksəklikdə qərar tutmuşdu. Hərbi sirri yaymaqda ittiham olunmayım deyə qərargahımızın yerləşdiyi kəndin adını çəkmirəm. Bax, ora bizim, yəni dağdan enən hərbçilərin həm də görüş yeri idi. Qərargaha hər hansı iş üçün gələn zabitlərin, gizirlərin orada tanışmaq imkanı vardı. Məsələn, səndən daha çox qulluq edən zabit yoldaşlarından soruşurdun: “O kök olan kimdir? Cavabında "filan taborda qulluq edir, bir oturuma 25 butulka araq içir, uzun illərdir filan postda qulluq edir” cavabını alırdın. Yaxud da, bir dəfə "bax, o arıq olan zabit var a, kəşfiyyatçıdır, ermənilərin anasını ağladıb" dedilər. “Bu arıq oğlan?” sualıma “Bilirsən necə olub? Əşşi, nağıl kimidir, danışaram” cavabını aldım.
O, arıq zabit Raquf Orucov idi. Göy gözləri, çəlimsiz, həddən ziyadə ağır və düşüncəli görkəmi vardı. Orta yaşlı insanlar yaxşı bilər, 80-90-cı illərdə idmançlar kürəyini, sinəsini şişirib durmazdı. Onların xüsusi bir duruşu vardı - Ayaqlarını dizdən yana əyərdilər. Raquf xatirimdə məhz belə qalıb. Həmin gün bu böyük hərbi hissədə hamı tərəfindən sevilən, hörməti olan “oğlanlardan” - zabitlərdən biri, döyüşlərdə yaralanan dəvəçili Cəbinın blindajına - qazmasına getdim. Lampa işığında, odun sobasının qarşısında gerçək “Raquf Orucov nağılı”nı dinləmək üçün.
- “1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da bilirsən də, buralardan əskik olmur. Əsgərlər qatı dumanda azırlar və yalnış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar. Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir? Siz burada durun. Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır. Ermənilər öz ayağı ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar. Bizim hərbi hissənin o vaxtı komandiri Milli Qəhrəman filankəs idi. Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü. 6 əsgərin əsir düşməsi onun imicini də zədəliyirdi. Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi tapşırığı verilir".
Nağılı sobanın sönməsi yarıda qoyur. Yaş odun ən böyük problemimiz idi. Bir neçə cəhddən sonra soba alışır və Cəbinin maraqlı siqaret çəkməsi fonunda Murovdağda hamının barmaqla göstərdiyi, sevdiyi, dəyər verdiyi Raqufun əfsanəvi kəşfiyyatının, 5 azərbaycanlı əsir əsgərin necə xilası etməsi “nagıl”ı davam edir:
- Hə, harda qaldıq? Toplanışda. Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayırdı. İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi. Raquf da onda cavan zabit, tağım komandiri idi. Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı. Altı əsgərin əsir düşməsi yanılmıramsa yuxarılara məruzə olunmamışdı. Gözləyirdilər ki, bəlkə danışıqlar yolu ilə nəsə edə bildik. Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi. Bom-boş, əlləri yanında və dilxor. Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq az qala mümkünsüz idi. Bütün yüksəkliklər, keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Hərbi hissə komandiri üç qrupdan ikisi əliboş gəlincə, qərargah önündə tapançasını göyə qaldırıb qışqırmışdı: “Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrupda gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm”. Bununla o, əsir gətirilməsinə inanmadğını etiraf etmişdi.
Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi. Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir. (Bu yerə mütləq diqqət edin ki, yazının davamında lazım olacaq)
Təmas xəttində əsgəri saxlayır və ona deyir ki, “sən burda qal, bizimlə gəlmə. Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt!” Raquf və zabit yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər. Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına istədikləri “Dil” çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki, bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir. İzah edir ki, "Bircə uşaq sağ qalsın. Ona ziyan verməyin. Çünki, korpus komandirinin (Bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib. Raqufun sevincdən gözləri gülür. Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi. İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi.

