Azərbaycan qazını Avropaya çıxarmalı olan Trans-Adriatik qaz kəməri layihəsi (TAP) İtaliyada "ilişib".
AzadlıqRadiosu-nun "EurasiaNet" saytına istinadən verdiyi xəbərə görə, kəmər İtaliyanın Apuliya vilayətindəki qədim zeytun bağları və əl dəyməmiş çimərliklərindən keçir. Bu gəzib-görməli yerlərsə İtaliyanın turizm sənayesindən ötrü xüsusi əhəmiyyət daşıyır. Bu da təbiətsevərlərin, yerli təbiəti mühafizə təşkilatlarının ciddi etirazına səbəb olub.
2 MİN ZEYTUN AĞACI
Azərbaycanın, eləcə də Rusiyadan enerji asılılığından qurtarmağa çalışan Avropanın çox böyük ümidlərlə gerçəkləşdirməyə başladığı TAP hazırda tikilməkdədir. Layihənin bir hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir və tikintidən öncə bank layihənin sosioloji, eləcə də ətraf mühitə təsirini dəyərləndirən xüsusi hesabat istəyib.
Saytın yazdığına görə, İtaliya hökuməti layihənin zərərinin minimuma endirilməsini nəzərdə tutan 50-dən çox tələbin yerinə yetirilməsiylə bağlı sənəd hazırlayıb. İtaliyanın İqtisadi İnkişaf Nazirliyi sənədi, hökumət isə layihəni təsdiqləyib. Amma yerli rəsmilər, o cümlədən Apuliya vilayətinin qubernatoru və kəmərin torpağa çıxacağı yerin – Melendunyonun meri mərkəzi hökumətin qərarıyla razılaşmır.
Məsələ burasındadır ki, plana görə, kəmər tikiləndə onun yolu üstündəki zeytun bağı müvəqqəti başqa yerə köçürülməli, tikinti başa çatdıqdan sonra yerinə qaytarılmalıdır. Amma bağdakı ağaclardan bəzilərinin minillik tarixi olduğunu deyən ətraf mühit fəalları ağacların köçürülməsinin incə əməliyyat olduğunu, bu işin layiqincə yerinə yetiriləcəyinə inanmadıqlarını deyirlər. Bağda 2 minə yaxın zeytun ağacı var.
"QARŞILARINA ORDUYLA ÇIXARIQ"
Kəmərin bir hissəsinin Adriatik dənizindən San- Bazilio çimərliyinə çıxması da fəalları narahat edir.
Sayt dekabrda keçirilən referendumun İtaliyada yerli idarələrin səlahiyyətlərini artırdığını, beləliklə, kəmərin əleyhinə çıxan təbiətsevərlərin üstünlük qazandığını qeyd edir.
Üstəlik, İtaliyanın "5 ulduz" populist hərəkatı da kəmərin əleyhinədir. "Apuliyanın harasındasa kəmər tikməyə gələnlər orduyla gəlsələr, qarşılarına orduyla çıxacağıq". Bunu hərəkatın lideri Beppe Grillo 2014-cü ildə deyib.
İtaliyada zeytun plantasiyaları.
