İnsan, əsas ehtiyaclarını qarşılaya biləcək qədər gəlir ilə təmin edilsə, iş ilə münasibəti nə dərəcədə dəyişər?
Finlandiya bu ay vacib bir iqtisadi təcrübəyə başlayır. Hökumət, iki il boyunca 2000 adama təmənnasız pul verərək, minimum gəlirlərini sığortalamış olacaq. Sosial yardım alan insanlar arasından təsadüfi seçilən bu insanlara ayda 600 dollar veriləcək. Bu adamlar iş tapıb işləməyə başlasa belə, pulu almaqda davam edəcəklər.
Əsas gəlir olaraq da bilinən və vətəndaşları zəmanətli bir gəlirlə təmin etmək üçün yaradılan bu siyasəti həyata keçirməyə çalışan bir neçə təcrübə arasında ən geniş miqyaslısı, Finlandiyada baş tutacaq.
Təcrübəni tətbiq edən sosial sığorta qurumundan Marjukka Turunen, "Əsas gəlirin, bu insanlara maliyyə etibarı duyğusu ilə həyatlarını öncədən planlamaq imkanı verəcəyinə" ümid etdiklərini söyləyir.
Bu, sadə, amma, radikal bir təklifə bənzəyir. Bəziləri dövlətin təsadüfi pul paylaması fikrinə qarşı çıxır. Bəziləri isə, gəlir zəmanətinin lazımlı, amma, heç kimin etmək istəmədiyi işləri edəcək adamların tapılmayacağından narahatdır.
Silicon Vadisindən tutmuş Hindistana qədər, bu siyasəti dəstəkləyənlərin sayı artmaqdadır. 2008-ci ildə qlobal iqtisadi böhran başladıqdan sonra, bir çox insan, hamının əsas gəlir ilə təmin olunmasını, əksər ölkələrin qarşı-qarşıya qaldığı iqtisadi sıxıntılarla mübarizə yollarından biri kimi görür.
1960-cı illərdə Nixon da sınayıb
