Son vaxtlar Rusiya-Azərbaycan sərhədində yük maşınları uzun növbələrdə dayanırlar. Hətta Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır. Son gülərdə isə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar.
BakiPost.az-ın məlumatına görə, bu vəziyyətlə əlaqəli şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər.
Öncə deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təssərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorlarının daxili bazara girişinə qadağanı ortadan qaldırmayıb.
Daha sonra isə Azərbaycanın bəzi məhsullarının sanitar normalara cavab vermədiyini bildirirlər.
E. Şahinoğlu Rusiya gömrükçülərinin bu iki izahının həqiqəti əks etdirmədiyini düşünür: "Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu, geniş miqyas almayıb. Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təssərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Müstəqil mütəxəssislər Azərbaycanın kənd təssərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər”.
