Üçüncü ölkələrdən gətirilən avtomobillərin Gürcüstan üzərindən ixracı minimum həddə enib. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bir vaxtlar olduqca əlverişli biznesə çevrilən bu cür əməliyyatların həcmi kəskin azalıb.
2010-cu ildə Gürcüstandan 25 min ədəd nəqliyyat vasitəsi ixrac olunub ki, əldə olunan gəlirin həcmi 227 mln. dollar təşkil edib. Sözügedən biznes 2013-cü ildə pik həddə çatıb. Belə ki, Gürcüstandan 79 min ədəd nəqliyyat vasitəsi ixrac olunub və əldə olunan gəlir 703 mln. dollar təşkil edib. 2014-cü ildə Gürcüstan 49 min ədəd nəqliyyat vasitəsi ixrac etdiyi halda, 2015-ci ildə bu göstərici 20 min, 2016-cı ildə isə 16 minə enib. Paralel olaraq 3 il ərzində müvafiq qaydada 517 mln. dollar, 179 mln. dollar və 166 mln. dollar olub.
Heç kəsə sirr deyil ki, Gürcüstandan avtomobil ixracının kəskin azalmasının əsas səbəbi əsas ticarət tərəfdaşı olan ölkələrdə, o cümlədən Azərbaycanda qanunvericiliyin sərtləşdirilməsidir. Belə ki, Gürcüstandan əsas avtomobil idxalçısı olan Azərbaycan markasından asılı olaraq 2005-2014-cü il istehsalı olan avtomobillərin ölkəyə gətirilməsini qadağan edib. 2015-ci ildə isə idxal olunan avtomobillər üçün gömrük tarifləri artırılıb.
2015-ci ildə Ermənistan Avrasiya İttifaqına qoşulub. Beləliklə, Avrasiya İttifaqına daxil olmayan ölkələrdən Ermənistana gətirilən nəqliyyat vasitələri üçün əlavə rüsum tələb olunmağa başladı. Həmin səbəbdən Avrasiya İttifaqının 3 əsas üzvündən biri olan Qazaxıstan da Gürcüstanın avtomobil bazarından üz döndərib.
Son bir neçə ay ərzində Gürcüstan İranın diqqətini öz avtomobil bazarına çəkmək istəyib. Lakin bundan da bir şey çıxmadı - İranda mövcud olan dempinq qaydaları öz sözünü dedi.
Beləliklə, Gürcüstanda arda-arda irili-xırdalı avtodilerlər müflis olmağa başladı.
"Bu biznes artıq bizim üçün öz marağını itirib. Artıq vəziyyəti heç nə dəyişə bilməz", - deyə dilerlər bildirib.
