İran bankı Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib
1 dəqiqə
Bakı şəhər İcra Hakimiyyəti "Bank Melli Iran"a (İran Milli Bankının Bakı filialı) məxsus binanı söküb. Ancaq tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər.
Bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.
Məlumatda bildirilir ki, 9 mln. 295 min 964 manat dəyərində olan binanın sökülməsi ilə bağlı sərəncam 2014-cü il noyabrın 18-də verilib.
Sənəddə vurğulanıb ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər:
"Hazırda bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə iddia edir. Binanı 2013-cü il iyulun 3-də Müstəqil Qiymətləndirici Şirkət yenidən qiymətləndirib. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 mln. 400 min manat təşkil edib",-deyə hesabatda bildirilir.
Məsələyə, hələlik, Bakı şəhər İcra Hakimiyyətinin münasibətini almaq mümkün olmayıb
İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.