Onun sözlərinə görə, Fransa və ABŞ-da bu bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər.
"Azərbaycan qalibdir. Əlbəttə, Fransa və ABŞ-da bu bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur. Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi – Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləriylə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədr – ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki, ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə Ankaraya ilə dialoqa ehtiyac duydu", - deyə politoloq bildirib.
Elxan Şahinoğlu deyir ki, Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi.
Onun sözlərinə görə, buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışırlar. Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüş olub. Müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik instutunun davamı gərəkliyini vurğulayıblar.
Elxan Şahinoğlu deyir ki, beləliklə, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər. Ancaq meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlalamar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?
