Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kavalanın azadlığını tələb edən 10 ölkənin səfirinin istənilməyən şəxs elan edilməsi və ölkədən çıxarılması haqda qərarından daşınıb.
“Hürriyet”in məlumatına görə, bu, ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqlik barədə bəyanatından sonra baş verib.
Bu bəyanat oktyabrın 18-də ABŞ ilə birlikdə Kavalanın azad edilməsinə dəstək verən Kanada, Almaniya, Fransa, Finlandiya, Danimarka, Hollandiya, Norveç, İsveç və Yeni Zelandiya səfirlikləri tərəfindən paylaşılıb.
https://twitter.com/USEmbassyTurkey/status/1452616273796419588?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1452616273796419588%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=
“İnanırıq ki, səfirlər dərs aldılar və bundan sonra bəyanatlarında daha ehtiyatlı olacaqlar”, deyə Ərdoğan diplomatların Tvitterdəki paylaşımlarından sonra bildirib.
Hüquq müdafiəçisi Osman Kavala 2017-ci ilin noyabrından həbsdədir. O, 2013-cü ildə İstanbulda Gəzi parkı ətrafında keçirilən kütləvi etirazlarda və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinir.
Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildə Türkiyə hüquq-mühafizə orqanlarının Kavalanı həbs etmək üçün güclü dəlillərə malik olmadığı barədə qərar çıxarıb. Türkiyə hakimiyyəti AİHM-in qərarına əməl etməyib.
