Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mütəllim Orucov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Mütəllim Orucov bu il iyunun 1-də redmissiya qaydasında Almaniyadan qayıdıb.
Fəal 10 gün öncə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.
Mütəllim Orucov noyabrın 3-də Apellyasiya Məhkəməsində bildirib ki, saxlanıldıqdan sonra polisdə işgəncələrə məruz qalıb. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.
İstintaqın məlumatına görə, M.Orucovda 8 qram heroin aşkar edilib.
"Lakin o, özünü günahkar saymır və həbsini Almaniyada siyasi fəaliyyətilə əlaqələndirir", - vəkil deyib.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.
Mütəllim Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. Bu maddə üzrə onu 12 ilədək həbs təhlükəsi gözləyir.
