İordaniya kralı II Abdullanın ögey qardaşı Həmzə ibn Hüseyn keçən həftə yaydığı videomüraciətdə ev dustaqlığında olduğunu deyib və iqtidarda olan sistemi səriştəsizlikdə və korrupsiyada ittiham edib. O bununla yaxın şərqin ən güclü monarxiyalarından birinin gizli qüsurlarının üstünü açıb.
Həmzə ibn Hüseynin videomüraciəti İordaniyanın rəsmi dövlət xəbər agentliyinin iki keçmiş yüksəkçinli məmurun həbs olunması, bir neçəsinin isə təhlükəsizlik məqsədi ilə nəzarətə alınması xəbərindən sonra yayılıb. İordaniya höküməti isə Həmzənin həbsi yaxud da ev dustaqlığında olması haqda heç bir rəsmi xəbər yaymayıb.
Həmzə ibn Hüseynin müraciətini BBC radiosu yayıb. Kralın ögey qardaşı 2004-cü ildə vəliəhd titulundan məhrum edilib. O müraciətində deyib ki, keçən həftənin şənbə günü səhər tezdən müdafiə naziri onu evində ziyarət edib və ona daha küçəyə çıxmayacağını, insanlarla ünsiyyətdə olmayacağını yaxud görüşməyəcəyini bildirib.
