Cəmiyyət

AİHM: "Azərbaycan ötən il 2 milyon avroyadək cərimə olunub"

2 dəqiqə
AİHM: "Azərbaycan ötən il 2 milyon avroyadək cərimə olunub"

Avropa İnsan Haqları Məhkəməsi 2021-ci il ərzində edilən şikayətlər və qərarların hesabatını yayıb. Təşkilatın yaydığı məlumata görə, 2021-ci ildə Azərbaycandan 425 şikayət göndərilib. Bu, 2020-ci ildə göndərilən ərizələrin sayından (525) azdır.

Bildirilir ki, məhkəmə ötən il ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Qərar sayına görə, Türkiyə (78) 4-cü, Azərbaycan isə AŞ ölkələri arasında Moldova, İtaliya, Bolqarıstan, Xorvatiyadan sonra 9-cu sıradadır.

2021-ci ildə mahiyyəti üzrə elan edilən qərarların sayı:


  • Azərbaycan – 36

  • Ermənistan – 16

  • Gürcüstan – 13


İfadə azadlığı hüququ pozuntuları ilə bağlı qərarların sayı:

  • Türkiyə – 31

  • Rusiya – 19

  • Azərbaycan – 6


Ümumilikdə, Avropa Məhkəməsi 2021-ci ildə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib.

Məhkəmənin 1959-cu ildən bu yana olan dövrü əhatə edən məlumatlarına görə, Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 251 qərar qəbul edilib. Onların 241-də iddia edilən pozuntular tanınıb.

İndiyədək Azərbaycanda ən çox pozulan hüquqlar:


  • Ədalətli məhkəmə araşdırması – 119 iş;

  • Azadlıq və toxunulmazlıq hüququ – 87 iş.


Seçki hüququ pozuntularının tanınması üzrə Azərbaycan Avropa Şurası məkanında birincidir.

Avropa Məhkəməsi Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb. Bu kateqoriyada 2-ci sırada 17 qərarla İtaliya, 3-cü sırada isə 12 qərarla Türkiyə yer alır.

Qeyd edilib ki, Azərbaycan həm də birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr sırasında öndə gəlir.

Birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr:


  • Türkiyə – 111 iş;

  • Rusiya – 79 iş;

  • Azərbaycan – 41 iş.


Məhkəmənin hesabatında qeyd edilib ki, 1 il ərzində Azərbaycanla bağlı müəyyən edilən təzminatın ümumi məbləği 2 milyon avroya yaxındır. Bu, indiyə qədər Azərbaycanla bağlı ən yüksək məbləğdir.

2020-ci ildə təzminat məbləği 803 min avro təşkil edib. 2021-ci ilə qədər Azərbaycanla bağlı illik ən yüksək təzminat məbləğ isə 2017-ci ildə 817 min avro olmuşdu.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun