İqtisadiyyat

Azərbaycanda inflyasiya 5,6 faizə yüksəlib, ərzaq məhsulları daha çox bahalaşıb

2 dəqiqə
Azərbaycanda inflyasiya 5,6 faizə yüksəlib, ərzaq məhsulları daha çox bahalaşıb

Foto: APA

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında da orta illik inflyasiya eyni səviyyədə qeydə alınmışdı.

May ayında illik inflyasiya da 5,6 faiz təşkil edib. Aylıq müqayisədə isə qiymətlərdə 0,1 faizlik artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin yekununda 5,6 faizə çatıb. Bu göstərici 2024-cü ildə qeydə alınan 2,2 faizlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Statistika Komitəsi bildirir ki, ən yüksək qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında qeydə alınıb. Bu kateqoriya üzrə qiymətlər bir il ərzində 6,7 faiz artıb. Qeyri-qida məhsullarında bahalaşma 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 5,7 faiz olub.

Məlumata görə, may ayında bəzi ərzaq məhsullarının qiyməti artıb. Bahalaşan məhsullar arasında qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, marqarin, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, yaşıl lobya, süfrə çuğunduru və soğan yer alıb.

Eyni dövrdə təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartofun qiymətlərində ucuzlaşma müşahidə olunub.

Qeyri-qida məhsulları arasında boya, plastik borular, yuyucu vasitələr və şəxsi gigiyena məhsulları bahalaşıb. Zərgərlik məmulatlarının qiymətində isə azalma qeydə alınıb.

Ödənişli xidmətlər sektorunda əsas bahalaşma beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində müşahidə olunub. Digər xidmət növlərində ciddi qiymət dəyişiklikləri qeydə alınmayıb.

Hökumətin proqnozlarına görə, inflyasiya yaxın illərdə tədricən azalacaq. İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə əsasən, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcək.

Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin fevralında açıqladığı son proqnozda isə cari il üzrə illik inflyasiyanın 5,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində olacağı gözlənilir.

Müstəqil iqtisadçılar Azərbaycanda inflyasiyanın davam etməsini bir neçə amillə əlaqələndirirlər.

İqtisadçıların fikrincə, ölkədə istehlak məhsullarının əhəmiyyətli hissəsinin idxaldan asılı olması xarici bazarlardakı qiymət dəyişikliklərini daxili bazara daşıyır. Son illərdə beynəlxalq logistika xərclərinin artması, regionda geosiyasi gərginliklər və qlobal ərzaq bazarlarında qiymət dəyişkənliyi Azərbaycanda ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən sayılır.

Ekspertlər həmçinin qeyd edirlər ki, enerji və kommunal xidmət tariflərində əvvəlki dövrlərdə baş verən artımların təsiri hələ də bazarda hiss olunur. Sahibkarların artan xərcləri məhsul və xidmət qiymətlərinə ötürməsi ümumi inflyasiya təzyiqini gücləndirir.

Bəzi iqtisadçılar isə rəqabət mühitinin zəifliyi, bazarın bir sıra sahələrdə məhdud iştirakçılar tərəfindən idarə olunması və idxal kanallarının tam liberallaşdırılmamasını da qiymətlərin yüksək qalmasının səbəbləri arasında göstərirlər.

Onların fikrincə, inflyasiyanın dayanıqlı şəkildə azalması üçün yalnız pul-kredit siyasəti deyil, həm də rəqabətin artırılması, yerli istehsalın genişləndirilməsi və idxal asılılığının azaldılması istiqamətində addımlar tələb olunur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun