Cəmiyyət

Aİ-nin yeni miqrasiya qaydaları qüvvəyə minib: məqsəd müraciətlərin sayını azaltmaqdır

4 dəqiqə
Aİ-nin yeni miqrasiya qaydaları qüvvəyə minib: məqsəd müraciətlərin sayını azaltmaqdır

Foto: euronews.com

İllərlə davam edən hazırlıq prosesindən sonra iyunun 12-dən Almaniyada və bütün Avropa İttifaqında (Aİ) miqrasiya qanunvericiliyinin genişmiqyaslı islahatı qüvvəyə minib. Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner yeni qaydaların İttifaqın xarici sərhədlərində nəzarəti gücləndirəcəyini bildirib. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt isə islahatı miqrasiya siyasətində “əhəmiyyətli kurs dəyişikliyi” kimi qiymətləndirir.

Bu barədə “Deutsche Welle” yazıb.

İyunun əvvəlində Aİ üzv ölkələrinin daxili işlər nazirlərinin görüşündə çıxış edən Dobrindt bildirib ki, miqrasiya siyasətindəki bu dönüş həm milli, həm də Avropa səviyyəsində təsir göstərəcək. Onun sözlərinə görə, Almaniya qonşu ölkələr və tərəfdaşlarla birlikdə bu istiqamətdə hərəkəti davam etdirmək niyyətindədir.

Nazirin “dönüş nöqtəsi” adlandırdığı addımlar arasında Aİ daxilində sərhəd nəzarətinin bərpası və sığınacaq istəyən şəxslərin müraciətlərinə baxılmadan Almaniya sərhədindən geri qaytarılması da var. Dobrindt hesab edir ki, bu tədbirlər müraciətlərin sayının azalmasına səbəb olub.

Yeni sistem nəyi dəyişir?

Yeni Ümumavropa Sığınacaq Sisteminə (Common European Asylum System - CEAS) əsasən, Aİ-yə daxil olmaq istəyən sığınacaq axtaran şəxslər əvvəlcə xarici sərhədlərdə ilkin yoxlamadan keçəcəklər. Vətəndaşlarına nadir hallarda sığınacaq verilən ölkələrdən gələn şəxslər üçün isə sürətləndirilmiş prosedurlar tətbiq olunacaq.

Bu, o deməkdir ki, Pakistan, İran, Rusiya, Türkiyə, Venesuela, Nigeriya və Konqo Demokratik Respublikasından olan müraciətçilərin işləri sərhəddə sürətləndirilmiş qaydada araşdırılacaq. Bu müddətdə onlar faktiki olaraq qapalı düşərgələrdə saxlanılacaqlar.

Aİ statistika xidməti Eurostatın məlumatına görə, bu ölkələrdən gələn şəxslərin sığınacaq müraciətlərinin 20 faizindən azı müsbət cavab alır. Rədd cavabı alan şəxslər isə maksimum 12 həftə ərzində mənşə ölkələrinə deportasiya edilməlidirlər.

Brüssel eyni zamanda “təhlükəsiz ölkələr” siyahısını genişləndirməyi planlaşdırır ki, belə ölkələrdən gələnlərin müraciətləri açıq-aşkar əsassız hesab edilərək rədd oluna bilsin.

Ekspertlər islahatın effektivliyinə şübhə ilə yanaşırlar

“Avropa Sabitlik Təşəbbüsü” (ESI) analitik mərkəzinin təsisçisi və miqrasiya üzrə ekspert Gerald Knaus yeni yanaşmanın effektivliyinə şübhə ilə yanaşır.

Onun sözlərinə görə, sərhəd prosedurları əvvəlki illərdə də tətbiq edilə bilərdi, lakin indi onlar məcburi xarakter alıb. Knaus hesab edir ki, əsas problem deportasiya mərhələsində qalır:

“Əgər 12 həftə ərzində müəyyən edilirsə ki, məsələn, Banqladeş və ya Pakistan vətəndaşının müdafiəyə ehtiyacı yoxdur, bundan sonra nə baş verəcəyi açıq qalır”.

Ekspert bildirir ki, mənşə ölkələrinə geri göndərmə prosesi hələ də çətindir və rədd cavabı alan şəxslər başqa Aİ ölkələrinə keçməyə cəhd göstərə bilərlər.

Əksər müraciətçilərə sürətləndirilmiş prosedur tətbiq olunmayacaq

Avropa Komissiyasının məlumatına görə, 2025-ci ildə Aİ-yə ən çox sığınacaq müraciəti Əfqanıstan və Suriya vətəndaşlarından daxil olub. Bu ölkələrdən gələnlərin müraciətlərinin qəbul faizi 20 faizdən yüksək olduğuna görə onlar sürətləndirilmiş sərhəd prosedurlarına daxil edilmirlər.

Belə şəxslərin müraciətləri adi qaydada araşdırılır və məsuliyyət yenə də onların ilk daxil olduqları ölkələrin üzərinə düşür.

Knausun fikrincə, bu şəxslər əvvəlki kimi Almaniya və Avstriya kimi ölkələrə üz tutmağa davam edəcəklər:

“Son on ildə Aİ-də verilən müsbət sığınacaq qərarlarının yarıdan çoxu Almaniya və Avstriyanın payına düşüb. Bu baxımdan heç nə dəyişməyib”.

Aİ ölkələri arasında “məcburi həmrəylik”

Yeni sistemə əsasən, Aİ üzvləri arasında “məcburi həmrəylik” mexanizmi də tətbiq olunacaq. Bu mexanizmə görə, digər üzv dövlətlər sığınacaq müraciətlərinin bir hissəsini öz üzərlərinə götürməlidirlər.

Lakin sistemin praktikada necə işləyəcəyi hələ də aydın deyil. Prosesi Avropa Komissiyası koordinasiya etməlidir. Polşa və Macarıstan isə bu mexanizmdə iştirak etməkdən prinsipial şəkildə imtina edirlər.

Almaniya Daxili İşlər Nazirliyi isə bildirib ki, ölkə bu il əlavə sığınacaq müraciətçiləri qəbul etməyi planlaşdırmır, çünki mövcud yükün öhdəsindən gəlməkdə çətinlik çəkir.

Müraciətlərin azalmasına nə səbəb olub?

Son iki ildə həm Aİ-də, həm də Almaniyada yeni sığınacaq müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Dobrindt bunu Almaniya və digər doqquz Aİ ölkəsinin tətbiq etdiyi sistemli sərhəd nəzarəti ilə əlaqələndirir. Onun fikrincə, Şengen zonasında daxili sərhəd yoxlamaları qanuni mübahisələrə baxmayaraq davam etdirilməlidir.

Avropa Komissiyası isə CEAS-ın qüvvəyə minməsi fonunda Berlini sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb.

Gerald Knaus isə müraciətlərin azalmasını daha çox Suriyadakı siyasi dəyişikliklərlə əlaqələndirir. Onun sözlərinə görə, 2024-cü ilin sonunda Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Suriyadan Avropaya miqrasiya kəskin şəkildə azalıb və bu da sığınacaq müraciətlərinin sayına birbaşa təsir göstərib.

İslahatlar yeni başlayır

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) CEAS layihə qrupunun rəhbəri Folker Möylen daha əvvəl bildirmişdi ki, yeni qaydalar qurumun iş yükünü əhəmiyyətli dərəcədə artıracaq. Məlumat sistemlərinin və iş proseslərinin yeni hüquqi tələblərə uyğunlaşdırılması, həmçinin əməkdaşların əlavə təlimlərə cəlb olunması tələb olunur.

Avropa Komissiyası yaxınlarda yaydığı hesabatda Almaniya, İtaliya və Yunanıstanı bəzi sahələrdə CEAS tələblərinə tam uyğunlaşmamaqda tənqid edib.

Maqnus Brunner isə vurğulayıb ki, iyunun 12-də qüvvəyə minən sistem islahatların sonu deyil, başlanğıcıdır:

“İlk gündən hər şeyin ideal işləməsini gözləmək olmaz”.

“Qaytarılma mərkəzləri” hələ yaradılmalıdır

Yeni qaydalara əsasən, Almaniyadan ilk giriş ölkələrinə qaytarılan sığınacaq müraciətçiləri üçün xüsusi “qaytarılma mərkəzləri” yaradılmalıdır. Hazırda Almaniyada belə mərkəzlərdən cəmi ikisi – Hamburq və Ayzenhüttenştadtda fəaliyyət göstərir.

Aİ və Avropa Parlamenti arasında əldə olunan razılaşmaya görə, gələcəkdə sığınacaq müraciəti rədd edilən şəxslərin deportasiyası üçün üçüncü ölkələrdə də analoji mərkəzlər yaradıla bilər. Lakin bu layihə hələ kağız üzərində qalır.

Dobrindt bildirib ki, ilin sonuna qədər bu proqramda iştirak etməyə hazır olan tərəfdaş ölkələr müəyyənləşdiriləcək. Xaricdəki “qaytarılma mərkəzlərinin” nə vaxt yaradılacağı barədə suala cavab olaraq isə nazir bunu “hələ həllini gözləyən çox mürəkkəb məsələ” adlandırıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun