I HİSSƏ
Hesablama Palatası son illərdə dövlət vəsaiti hesabına həyata keçirilən tikinti, bərpa və digər layihələr üzrə ardıcıl audit hesabatları dərc edir. Həmin hesabatlarda satınalma prosedurlarının pozulması, rəqabət mühitinin məhdudlaşdırılması, smeta sənədlərində şişirtmələrə yol verilməsi, bəzi işlərin yarımçıq və ya layihə tələblərinə uyğun icra edilməməsi kimi çoxsaylı nöqsanlar ictimaiyyətə açıqlanır.
Bəs, bu iradlardan sonra nə baş verir?
Hesablama Palatasının məlumatlarında iş üzrə məsul şirkətlərin adları çəkilməsə də, layihə, müqavilə məbləğləri və satınalma məlumatlarının müqayisəli təhlili ilə söhbətin hansı şirkətlərdən getdiyini müəyyən edə bildik. Silsilə şəklində dərc edəcəyimiz araşdırmalarla müəyyən etmişik ki, audit hesabatlarında nöqsanların qeydə alındığı bəzi layihələri icra edən şirkətlər sonradan da dövlət qurumlarından iri həcmli sifarişlər almağa davam ediblər.
“Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi”
Hesablama Palatasının 2024-cü ilin avqustunda dərc etdiyi audit hesabatında Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı smeta və icra prosesində bir sıra nöqsanlar olduğu qeyd olunub.
Audit materiallarına əsasən, layihənin planlaşdırılmasından icrasına qədər sistemli problemlər yaşanıb. Layihənin texniki-iqtisadi əsaslandırması və investisiya təklifləri tam hazırlanmayıb, real tələbat və ekspert tövsiyələri nəzərə alınmayıb. Bu isə layihənin düzgün planlaşdırılmamasına və sonradan dəyərin artmasına səbəb olub. Eyni zamanda, işin nəzərdə tutulmuş müddətdə başa çatdırılmaması və maliyyələşmənin yetərincə əsaslandırılmaması idarəetmə boşluqlarını ortaya qoyub.
İcra mərhələsində isə maliyyə və satınalma pozuntuları daha qabarıq olub. Smeta sənədlərində iş həcmləri düzgün tətbiq edilməyib, əsassız şəkildə nəzərdə tutulmayan xərclər və ehtiyat vəsaitləri əlavə edilib. “Küləyin təsiri” kimi texniki əsaslandırılması şübhəli olan xərclərin daxil edilməsi nəticəsində işlərin dəyəri artırılıb və podratçıya artıq ödənişlər edilib. Bundan əlavə, bəzi işlər icra olunmadığı halda, smetada nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən işlər daxil edilib. Satınalma planlaşdırmasının aparılmaması, ehtimal qiymətlərin düzgün müəyyənləşdirilməməsi və tender prosedurlarında pozuntular da auditdə qeyd olunur.
2016-cı ildə başlanılan tikinti işləri düz 7 il sonra başa çata bilib. Prezident İlham Əliyev 2024-cü ildə xəstananın açılışında iştirak edib.
Hesablama Palatasının auditində podratçı şirkətin adı açıqlanmasa da, satınalma məlumatları, müqavilə məbləğləri və layihə göstəricilərinin müqayisəsi söhbətin 4000089481 VÖEN-lə fəaliyyət göstərən “Fərid-İnşaat” Firmasından getdiyini üzə çıxarıb.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün iki mərhələ üzrə ayrı-ayrılıqda satınalma müqavilələri bağlanıb. Birinci mərhələ üzrə elektron satınalma portalında müqavilə məlumatı mövcud olmasa da, şirkətin rəsmi saytında tikinti işlərinin 16 milyon manatdan çox məbləğə həyata keçirildiyi qeyd olunub.
Dövlət satınalmalarının vahid internet portalına əsasən, ikinci mərhələ üzrə isə, 2019-cu ilin mayında 18 milyon manatdan çox məbləğdə növbəti müqavilə bağlanıb. Lakin nə satınalmanın metodu, nə müddəti və nə də şərtləri barədə portalda məlumat yerləşdirilib.

Hesablama Palatasının auditində “ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə əlaqədar törədilmiş bəzi hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsi” ilə bağlı tədbir görülməli olduğu da qeyd olunur.
Amma şirkətin və ya Səhiyyə Nazirliyində iş üzrə məsul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı açıq informasiya resurslarında heç bir məlumata rast gəlinmir. Bu barədə hüquq mühafizə orqanlarına göndərdiyimiz sorğuya da cavab verilməyib.
Buna baxmayaraq, Hesablama Palatasının kütləvi pozuntularla bağlı dərc etdiyi bu auditi də nazirliklə şirkət arasında əlaqələri soyuda bilməyib. Əksinə, auditin dərc olunduğu 06.08.2024-cü il tarixindən sonra tərəflər arasında əməkdaşlıq daha da genişləndirilib.
Auditdən sonra 29 milyon manatlıq yeni müqavilələr
Yol verilən nöqsanlara baxmayaraq, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti həmin şirkətlə daha 3 iri həcmli müqavilə imzalayıb. Bunlar 21 milyon manat dəyərində (21.424.487,74 AZN) birbaşa satınalma üsulu ilə bağlanılmış 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinin II mərhələsi, 2024-cü il noyabrında 2 milyon manat dəyərində (2.341.758,49 AZN) açıq tender üsulu ilə keçirilmiş Şuşa Rayon Mərkəzi Xəstəxanasının mebel və inventarla təchiz edilməsi, eyni tarixdən bir ay sonra isə açıq tender üsulu ilə keçirilmiş bir milyon manat dəyərində (1.474.330,93 AZN) Səhiyyə Nazirliyinin Səhiyyə Müəssisələrinin cari təmir işləridir.
Adıçəkilən qurumla bərabər şirkət sonradan işğaldan azad edilmiş ərazilərdə də fəaliyyətini davam etdirib. “Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi ilə iki ayrı müqavilə olmaqla, Ağdərə rayonu, Heyvalı kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri, Xankəndi şəhərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində cari təmir işləri ilə bağlı hər üçü də bir mənbədən olmaqla ümumi məbləği 4 milyon manata yaxın üç müqavilə imzalayıb. Bununla da şirkət post-audit dövründə ümumilikdə 29,1 milyonluq yeni müqavilələrin qalibinə çevrilib.
Nöqsanlarla dolu bir auditdən digərinə
Qəbələ Rayon Xəstəxanası “Fərid-İnşaat” Firmasının icra etdiyi və Hesablama Palatasının ciddi nöqsanlar aşkarladığı yeganə layihə deyil. Şirkətin daha əvvəl həyata keçirdiyi Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı sonrakı audit də layihədə ciddi pozuntuların olduğunu ortaya çıxarıb.
2022-ci ildə Səhiyyə Nazirliyinin keçirdiyi 41 milyon manatlıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinin I mərhələsinin qalibi “Fərid-İnşaat” Firması seçilib. Yəni, şirkət Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinin hər iki mərhələsini və xəstəxananın mebellə təchiz edilməsini həyata keçirib. Amma budəfəki layihələr də ciddi nöqsanlarla yadda qalıb.
Belə ki, Hesablama Palatası Qəbələ Rayon Xəstəxanası ilə bağlı auditindən təxminən 2 il sonra - 2026-cı ilin iyun ayında Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisindəki (I mərhələ) problemlərlə bağlı növbəti hesabatını dərc edib.
Auditə əsasən, xəstəxananın 90 çarpayılıq nəzərdə tutulmasına dair əsaslandırılmış təkliflər təqdim edilməyib, torpaq sahəsinin seçilməsi zamanı bəzi amillər nəzərə alınmayıb və geoloji göstəricilər layihə-smeta sənədlərində düzgün əks etdirilməyib.
Ekspertizadan keçmiş layihədə nəzərdə tutulmayan bəzi işlər qəbul aktlarına daxil edilib. Nəticədə müqavilə dəyəri 393 min manata yaxın artırılıb. Bundan əlavə, bəzi əlavə xərclərin smetaya daxil edilməsi nəticəsində podratçıya 341,7 min manat artıq vəsait ödənildiyi auditlə müəyyən edilib.
Həmçinin, bəzi işlərin faktiki yerinə yetirilməməsi və müəyyən edilən həcmdən fərqli icra olunduğu halda qəbul aktlarına daxil edilməsi nəticəsində 113,3 min manat artıq ödəniş həyata keçirilib.
Auditə görə, bəzi iş və avadanlıqların həm müqavilələrə, həm də qəbul aktlarına təkrar daxil edilməsi qiymətlərin 2 milyon 538,8 min manat məbləğində artmasına səbəb olub.
Yerində baxış zamanı isə 7,9 milyon manat dəyərində iş və avadanlığın tam icra edilmədiyi müəyyənləşdirilib.
Cavab verilməyən məsuliyyət
Hesablama Palatasının rəyinə əsasən, podratçıya artıq ödənilmiş 716,8 min manat dövlət büdcəsinə geri qaytarılıb, əlavə olaraq ödənilməsi nəzərdə tutulan 2,3 milyon manat vəsaitin köçürülməsi dayandırılıb. Amma auditor növbəti dəfə törədilən hüquqpozmalara görə cinayət və inzibati məsuliyyətin diqqətdə saxlanılmasını tövsiyə edib. Buna baxmayaraq, həm Qəbələ, həm də Şuşa xəstəxanası layihələrində ciddi maliyyə pozuntularına yol verilməsinə görə nə podratçı şirkətin, nə də layihəyə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasına dair açıq mənbələrdə məlumat var. Bu barədə adıçəkilən quruma, Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərdiyimiz sorğulara yazı dərc olunanadək cavab verilməyib.
***
Bərdə rayonu, Bərdə şəhəri, Nizami ev.6/33 ünvanında qeydiyyatdan keçən şirkətin qanuni təmsilçisi Həsənov Sübhan Ələsgər oğludur. Şirkət dövlət satınalamaları portalında Səhiyyə Nazirliyinin ard-arda tender müqavilələrinin qalibi olub. 2019-cu ildən 2022-ci ilədək Səhiyyə Nazirliyi ilə bağladığı müqavilələrin ümumi dəyəri 77 milyon manatı (77.222.682,38) keçib. Bu məbləğə Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi, Samux Rayon Mərkəzi Xəstəxanasının 1-ci və 2-ci mərhələ tikintiləri, Səhiyyə müəssisələrinin binalarında aparılacaq təmir işləri və s. aiddir.
Dövlət Satınalmaları haqqında qanunun 4-cü maddəsinə görə, dövlət satınalmalarının əsas prinsipi maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsidir. Eyni zamanda, satınalma şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməlidir.
Adıçəkilən qununun 23.4.1-ci maddəsinə əsasən, təchizatçının xüsusi uyğunluq tələblərindən biri satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmasıdır.
Bu baxımdan audit hesabatlarında ciddi nöqsanlar qeyd edilən şirkətlərin sonradan yenidən iri həcmli dövlət sifarişlərinin icrasına cəlb olunması həmin təcrübə və peşəkarlığın hansı meyarlarla qiymətləndirilməsi barədə suallar yaradır. Bu sualları isə aidiyyəti qurumlar həmişəki kimi cavabsız qoyur.
