Gündəm

Məmməd Alpay: “USAID son 30 ildə dövlət qurumlarına milyonlarla vəsait ayırıb, amma bu iş üzrə bizi həbs edirlər”

3 dəqiqə
Məmməd Alpay: “USAID son 30 ildə dövlət qurumlarına milyonlarla vəsait ayırıb, amma bu iş üzrə bizi həbs edirlər”

Foto: Amerikanın Səsi

İyunun 11-də “Seçki Müşahidə” Alyansının direktoru, hüquq müdafiəçisi Məmməd Alpaya qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Məmməd Alpay sərbəst ifadə verib.

O, çıxışında Azərbaycanda siyasi repressiyaların dərinləşdiyini bildirib və özünə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu deyib.

“Toplanmış istintaq materialları və ittiham aktından görünür ki, mənim 2020-ci ildən bəri həyata keçirdiyim qanuni fəaliyyət cinayət fəaliyyəti kimi təqdim olunmağa çalışılıb”, - Alpay bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, son illərdə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin kriminallaşdırılması tendensiyası müşahidə olunur. Onun sözlərinə görə, 2014-cü ildən etibarən QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunvericilik dəyişiklikləri qəbul edilib.

Məmməd Alpay həmçinin təqsirsizlik prezumpsiyasının pozulduğunu iddia edib. O bildirib ki, istintaq orqanlarının və məhkəmələrin qərarlarında, eləcə də hökumətyönlü mediada o, məhkəmə hökmü olmadan “cinayətkar” kimi təqdim edilib.

Alpayın sözlərinə görə, istintaq materialları müxtəlif televiziya kanallarına və hökumətyönlü media orqanlarına ötürülüb, nəticədə ona qarşı qarayaxma kampaniyası aparılıb.

O, rəhbərlik etdiyi təşkilatın dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi ilə bağlı ittihamlara da münasibət bildirib. Alpay deyib ki, ictimai birliklərin qeydiyyatsız fəaliyyəti qanunla qadağan olunmur və təşkilatın qeydiyyatı üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsələr də, hər dəfə imtina cavabı alıblar.

“Ədliyyə Nazirliyi seçki monitorinqi, insan hüquqları və demokratiya sahəsində fəaliyyət göstərmək istəyən ictimai birlikləri qeydiyyata almır. Qrantların qeydiyyatı zamanı bizi birlik kimi tanımırlar, amma Baş Prokurorluq istintaq apararkən birlik kimi təqdim edir. Bu, absurd yanaşmadır”, - o bildirib.

Məmməd Alpay çıxışında USAID-lə əməkdaşlıq etmiş vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan kampaniyaya da toxunub. O qeyd edib ki, vaxtilə Azərbaycanın dövlət qurumları da USAID qrantlarından faydalanıb, lakin hazırda müstəqil QHT nümayəndələri həmin əlaqələrə görə ittiham olunur.

“USAID son 30 ildə ölkəyə qrantlar şəklində 3 milyard dollardan çox maliyyə vəsaiti qoyub. Ədliyyə Nazirliyi 17 milyon dollar, Baş Prokurorluq 10 milyon dollar, 100-dən çox qeyri-hökumət təşkilatı isə milyonlarla dollar vəsait əldə edib. Həmin qrantlar əsasında Ədliyyə Nazirliyi QHT-lərlə bağlı qeydiyyatın sadələşdirilməsi, Baş Prokurorluq isə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə bağlı layihələr icra edib. Amma indi bizi USAID-lə bağlı cinayət işi çərçivəsində həbs ediblər. Sonradan isə cinayət işinin istiqaməti və motivi dəyişdirilib”.

Alpayın ifadəsi yarımçıq qalıb. O, ifadəsini iyulun 2-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

Məmməd Alpay ictimaiyyət arasında “QHT işi” kimi tanınan cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biridir. Bu iş çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

Zamin Zəki bu il, martın 11-də 7 il 6 ay azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən digər şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etmir, onları əsassız və siyasi motivli hesab etdiklərini bildirirlər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun